Berti Foqts istefa verdi

İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirilib. Apasport.az-ın xəbərinə görə, görüş zamanı Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunub. Foqts artıq Azərbaycan millisində gələcəyini görmədiyini, bir neçə ildir dəfələrlə vurğuladığı fiziki hazırlıq probleminin hələ də öz həllini tapmadığını və bu çatışmazlığı qısa müddətdə aradan qaldırmağın mümkün olmadığını bildirib. AFFA-nın prezidenti Rövnəq Abdullayev Berti Foqtsa fəaliyyətini davam etdirməyi təklif edib və onun Azərbaycan milli komandasındakı fəaliyyəti AFFA tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Rövnəq Abdullayev Berti Foqtsun gördüyü işlərin ümumilikdə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərdiyini deyib. Azərbaycan millisinin seçmə mərhələlərdə ən böyük göstəriciyə Berti Foqtsun rəhbərliyi altında nail olaraq 9 xal topladığı, FIFA-nın reytinq cədvəlində 73-cü pilləyə qədər yüksəldiyi qeyd edilib. AFFA prezidenti Berti Foqtsa böyük hörmətlə yanaşdıqlarını, gördüyü işlərin hər zaman minnətdarlıqla xatırlanacağını deyib, onun həmişə Azərbaycan futbolunun dostu qalacağını söyləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv