Binəqədidə ağır qəza! Qarabağ qazisi dünyasını dəyişdi, iki nəfər yaralandı

Ötən gecə Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yaxınlığında qeydə alınıb. 39 yaşlı Abbasova Sevil Hümbət qızı idarə etdiyi "Lifan" markalı avtomaşınla Cavadxan küçəsi ilə metronun “Nəsimi” stansiyası istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn, 33 yaşlı Kərimov Rəşad Ağateyyub oğlunun idarə etdiyi "Jeep" markalı digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə Sevil Abbasova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. "Lifan"ın sərnişinləri - 31 yaşlı Cəbrayılov Nahid Şahbaz oğlu və 46 yaşlı Əliyeva Solmaz Valeh qızı, həmçinin "Jeep"in sürücüsü Rəşad Kərimov xəsarət alaraq, Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Qəzanın təfərrüatlarını Binəqədi RPİ-nin istintaqçıları araşdırır. Ərazidə müayinələr aparan polisin qənaətinə görə, yol qəzası "Jeep" avtomobilin qoşa xəttin tələbini pozaraq, əks hərəkət zolağına keçməsi səbəbindən baş verib. Onun yüksək sürətlə hərəkət etdiyi də ehtimallardan biridir. Faktla bağlı idarənin istintaq şöbəsində cinayət işi başlanılıb. İşi araşdıran müstəntiq Xaqani Cəfərovun bildirdiyinə görə, "Jeep" markalı avtomobilin sürücüsü Rəşad Kərimovun sükan arxasında sərxoş olması ilə bağlı şübhələr də var.

Qeyd edək ki, yol qəzasında həlak olan Sevil Abbasova Qarabağ əlilidir. İdarə etdiyi "Lifan" markalı avtomobil iki ay əvvəl ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil kimi verilib.

Xəsarət alan Nahid Cəbrayılov isə jurnalistdir. O, "Nihad Cəbrayıl" imzası ilə tanınır. Nahid Cəbrayılov yazıçı-publisist Pərviz Cəbrayılın qardaşıdır.

Digər yaralı - Solmaz Əliyeva da Qarabağ əlilidir.

Kliniki Tibbi Mərkəzdən APA TV-yə verilən məlumata görə, yaralıların vəziyyəti sabitdir və heç birinin həyati təhlükəsi yoxdur.

 

Müəllif | Apa.Tv
Apa.tv