Xəzər dənizində suyun səviyyəsi 1 metr enib - XƏBƏRDARLIQ

"Son araşdırmalar zamanı məlum oldu ki, Xəzər dənizində suyun səviyyəsi ötən illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə düşüb. Dənizin səviyyəsinin 1 metr endiyi məlum olub".

 

Bunu APA TV-yə  Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. Onun sözlərinə görə, dənizdə suyun səviyyəsinin enməsinə səbəb iqlim dəyişikliyi göstərilir: "Xəzər dənizinin suyu əsasən Ural  çayı ilə təmin olunur. Son zamanlar havaların quraq keçməsi Ural çayında suyun azalmasına səbəb olub. Biz bu araşdırmanı aparan zaman ilk əvvəl Volqa çayında suyun səviyyəsinə baxdıq. Ötən il Volqa çayının suyu təqribən 160-180 kub.km göstərirdi. Bu isə çox qorxunc  həddir. Bu hədd ən son həddir. Bundan sonra eko-sistem ölməyə başlayır".

 

Akademik deyir ki, yaranmış problemin Xəzər dənizi üçün ciddi fəsadları ortaya çıxır. Əsasən ekoloji və təsərrüfat baxımından  fəsadlar yarana bilər ki,  bunu  da uzun illər bərpa etmək mümkün olmaz. Buna misal olaraq Ramiz Məmmədov vaxtı ilə sahil boyu tikilən limanları göstərir. Hansı ki, dəniz suyunun səviyyəsinin aşağı düşməsi gəmilərin limanlara yan almasına maneçilik törədə bilər. Bu isə həmin limanların yenidən tikilməsinə zərurət yaradır. Bu da ölkəyə iqtisadi baxımdam zərərlidir.

 

Mütəxəssis deyir ki, iqlim dəyişikliyi Xəzər dənizinin canlı aləminə də təsirsiz ötüşməyib: "Hazırda Xəzər dənizində suitilərin kütləvi şəkildə məhv olması müşahidə olunur. Bu hadisə 1997-ci ildə baş vermişdi, 2014-cü ildə təkrarlanıb. Digər bir misal isə kilkələrin məhv olmasıdır. Buna səbəb  dənizdə temperaturun artması və oksigen qatlarının oksigenlə təmin olunmamasıdır. Oksigen olmadığı halda canlılar məhv olmağa başlayır".

 

 Ramiz Məmmədov deyir ki, son illər Xəzərin şimalında suitilər arasında quduzluq xəstəliyi geniş yayılıb. Buna səbəb də dəniz suyunun səviyyəsinin azalması nəticəsində həmin canlıların sahilə çıxması və burada quduz canavarlar və itlər tərəfindən hücuma məruz qalmasıdır. Quduz heyvan tərəfindən dişlənilən suitidə bir müddət sonra bu xəstəlik baş qaldıra bilər, bu isə yay mövsümündə çimərlikdə olan insanların həyatı üçün ciddi təhlükədir. Ötən yay mövsümündə suitilərin sahil zolağında insanlara hücum etmə faktları qeydə alınıb. Lakin xoşbəxtlikdən həmin sakinlərdə quduzluq xəstəliyi müşahidə edilməyib.

 

Müəllif | Apa.Tv