Bələdiyyə seçkilərinin tarixi gələn həftə açıqlanacaq
"Bu il keçiriləcək bələdiyyə seçkilərinin tarixi gələn həftə açıqlanacaq".
APA TV-nin xəbərinə görə, bunu Dairə Seçki Komissiyaları sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Seçkilərin keçirilməsi ilə bağlı təqvim planı artıq hazırdır: "Mərkəzi Seçki Komissiyası bu seçkilərin keçirilməsi ilə bağlı əsas orqan kimi bütün addımları atmağa başlayanda təbii ki, qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi üçün bütün tədbirləri görməyə çalışır və aşağı seçki komissiyaları bu baxımdan fəaliyyətini qanunun, seçki məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi üçün bütün addımları atmağa hazır vəziyyətə gətirilib və biz çoxşaxəli maarifləndirmə tədbirləri həyata keçiririk".
Məzahir Pənahovun sözlərinə görə, Azərbaycanda azad, demokratik, şəffaf seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik, Seçki Məcəlləsi və ölkə rəhbərliyinin siyasi iradəsi mövcuddur.
Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov bildirib ki, istər yerli, istərsə də beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirildiyini etiraf edir. Onun sözlərinə görə, növbəti seçkilərin xüsusiyyətini nəzərə alaraq sərbəst toplaşmaq üçün 2800-dən çox açıq və qapalı yer müəyyənləşdirilib. Prezident Administrasiyası rəsmisi seçici siyahılarının dəqiqləşdirilməsi məsələsinə də toxunub: "Son bir ildə siyahıların dəqiqləşdirilməsi xüsusilə diqqət mərkəzində olub. Qanunla bu sahədə üzərinə vəzifə qoyulmuş bütün aidiyyatı strukturlar bu prosesə səfərbər olunub. Görülmüş tədbirlər nəticəsində maksimum dərəcədə real seçici siyahıları əldə edilib. Bu gün siyahılar elə səviyyədədir ki, əvvəllər kütləvi şəkildə baş verən nöqsanlar indi nadir hallarda aşkar ediləndə belə bu faktlar fövqəladə bir hal kimi qəbul olunur və dərhal aradan qaldırılır".
Milli Məclisin Regional Məsələlər üzrə Komitəsinin sədri Arif Rəhimzadə son 15 ildə bələdiyyələrin böyük inkişaf yolu keçsə də, hələ nöqsan və narazılıqların mövcud olduğunu deyib. Onun sözlərinə görə, bundan sonra bələdiyyələr hər il hesabat verəcək. Fəaliyyəti qeyri-qənaətbəxş hesab edilən bələdiyyə buraxılacaq və təkrar seçki keçiriləcək.
Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov seçkilərlə bağlı prokurorluq orqanlarının üzərinə müəyyən vəzifələrin düşdüyünü qeyd edib. O bildirib ki, ötən seçkilərdə bu orqanlara 125 qanun pozuntusu ilə bağlı müraciət daxil olub. Seçki komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilirlər.
Daxili işlər nazirinin müavini Oruc Zalov qarşıdan gələn seçkilərlə bağlı hüquq-mühafizə orqanlarının şəxsi heyətinin sayının artırılması, seçki zamanı lazım olmadıqca onların seçki prosesinə müdaxiləsinin yolverilməzliyi və gücləndirilmiş iş rejiminə keçməklə bağlı tədbirlərin görüldüyünü deyib.