Səyavuş Novruzov: "Blokadada olan Naxçıvanla bağlı qərar qəbul edilməlidir”
"Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun qəbul edilməsi vacibdir".
APA TV-nin xəbərinə görə, bu təklifi MM-in plenar iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva irəli sürüb. O bildirib ki, qanunda Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən şəxslərin, şirkətlərin nümayəndələrinin, əcnəbi parlamentarların Azərbaycana səfərinə qadağa qoyulması əksini tapmalıdır.
Parlanetin sədri Oqtay Əsədov deyib ki, Avropa Parlamentinin separatçı qurumla dostluq qrupu yaratması barədə məlumat yalnız Ermənistan mətbuatında çıxıb: "Hazırda dünyada ədalət prinsipin itib. Dağlıq Qarabağ məsələsi də hər dəfə hansısa dövlət və ya təşkilat tərəfindən oyuncaq kimi istifadə olunur. Biz millət vəkili Rövşən Rzayevə imkan veririk, beynəlxalq qurumlarda Dağlıq Qarabağ icmasının təmsilçisi kimi çıxış edir. Rövşən Rzayev fəallığı artırmalıdır”.
Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ermənilər tərəfindən müəyyən təşəbbüslər ola biləcəyini, ancaq Avropa Parlamentində “DQR”lə dostluq qrupu yaradılmasının mümkün olmadığını söyləyib. O, Ermənistan nümayəndə heyətinin Avropa Şurasının Dağlıq Qarabağla bağlı təyin etdiyi məruzəçi ilə işləməyəcəyini bəyan etdiyini xatırladıb: “Ermənistan belə addım atacaqsa, işğalçı mahiyyətini ortaya qoyacaq. Bu gün Avropa Şurasının deputatları əksər hallarda Azərbaycanın mövqeyini dəstəkləyirlər. Ona görə də ermənilər və Azərbaycanın əleyhinə olan qüvvələr Azərbaycanda insan haqları məsələsini qabartmağa çalışırlar”.
Millət vəkili Səyavuş Novruzov isə 18 oktyabr - Müstəqillik Günü ilə bağlı təkliflə çıxış edib. O, Azərbaycanın üçrəngli bayrağının ilk dəfə Naxçıvanda dalğalandığını bildirib: “Naxçıvan Muxtar Respublikasının 90 illiyi keçiriləcək. Naxçıvan Türkiyə ilə 11 kilometrlik sərhədi çıxmaq şərtilə blokada şəraitindədir. Ermənistanla ən böyük sərhədə malikdir. Leninqrada 4 il mühasirəyə görə “Qəhrəman Şəhər” adı verildi. Naxçıvan isə 20 ildir ki, blokadadır. Milli Məclisdə məsləhətləşib, Naxçıvanla bağlı bir qərar qəbul etməliyik”.
Parlamentin iclasında bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edilib.