Qaxda motorellerlə toqquşan "Prado" aşıb

Qaxda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, minik avtomobili ilə toqquşan motorellerin sürücüsü ağır xəsarət alıb. Hadisə Qax-Zaqatala yolunun  Alatəmir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən şəhər sakini 29 yaşlı Rasim Hüseynovun idarə etdiyi "Toyota Prado" markalı avtomobil eyni istiqamətdə hərəkət edən Qax rayon Qaxingiloy kənd sakini 28 yaşlı Maxari Tartaraşvilinin idarə etdiyi motorellerlə toqquşub. Qəzadan sonra "Toyota Prado" toqquşma yerindən təqribən 50 metr irəlidə yolun sağ tərəfindəki kolluq hissəyə aşıb. Avtomobilin sürücüsü motorellerin onun qarşısına çıxdığını deyir.

 

Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin xəsarət almasa da, motorellerin sürücüsü sol ayağından ağır zədə alıb. Ayağın qopma təhlükəsi olduğundan yaralı dərhal Təcili Tibbi Yardım maşını ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Maxari Tartaraşvilinin ayağında cərrahiyyə əməliyyatı aparılıb, baldır hissəsinin aşağı ətrafının tam qopmasının qarşısı alınıb.

 

Motorellerin sürücüsü hadisə zamanı sərxoş olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov