Azərbaycan prezidenti Daşkəsən və Naftalanda səfərdə olub
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Daşkəsən rayonuna səfərə gedib. Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev prezidentə görülən abadlıq işləri barədə məlumat verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Bunun üçün internet sinfi, elektron kitabxana və kompüter mərkəzi qurulub.
Azərbaycan prezidenti və xanımı Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları var.
Daşkəsənə səfəri çərçivəsində prezident İlham Əliyev yeni avtovağzal kompleksinin açılışında iştirak edib. Müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb.
Daha sonra dövlət başçısı Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak edib. Ərazisi 2250 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və kafe bütün lazımi avadanlıqla təchiz olunub.
Prezident İlham Əliyev açıq havada quraşdırılan idman qurğuları ilə də tanış olub.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Naftalan şəhərinə səfər ediblər. Onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Sonra prezident və xanımı “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər.
13 hektardan çox sahəsi olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Helikopter meydançasının olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və geniş yaşıllıq zolaqları salınıb. SPA terapiya üsullarına geniş yer verilən oteldə 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva elektromobillərlə otelin ərazisini gəziblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə də tanış oldular. 2013-cü ilin aprelinədək “Qaşaltı” sanatoriyası adı altında fəaliyyət göstərən oteldə keçən il yenidənqurma işləri aparılıb.