Mahmud Qurbanov Azərbaycan yığmasına baş məşqçi təyin olundu
Azərbaycanın futbol üzrə milli komandasına müvəqqəti olaraq Mahmud Qurbanov rəhbərlik edəcək. Apasport.az saytının məlumatına görə, AFFA baş məşqçi vəzifəsinin icrasını müvəqqəti olaraq Berti Foqtsun köməkçilərindən biri olmuş Mahmud Qurbanova tapşırıb. Millimizi noyabrın 16-da Bakıda Norveçlə keçiriləcək seçmə oyuna məhz Mahmud Qurbanov çıxaracaq.
Qeyd edək ki, Mahmud Qurbanov bir müddət "Kəpəz" futbol klubunun baş məşqçisi olub, milli komandada məşqçi köməkçisi vəzifəsində çalışıb. Futbolçu karyerasına “Kəpəz”də başlayan Mahmud Qurbanov müxtəlif illərdə “Neftçi”, “Şəmkir”, “İnter” və “Xəzər-Lənkəran” klublarının formasını geyinib. Milli komandada 76 oyun keçirən Qurbanov bir qola imza atıb. 38 yaşında futbolçu karyerasını bitirən Mahmud Qurbanov 1992-ci ildən keçirilən futbol üzrə milli çempionatların hamısının iştirakçısı olub. 11 dəfə Azərbaycan çempionu olan millimizin yeni baş məşqçisi ölkə çempionatlarında 404 oyun keçirib ki, bu da rekord göstəricidir.