Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrası başa çatıb
Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamının icrasına başlanıb. APA TV-0nin məlumatına görə, sərəncamın icrası çərçivəsində bu gün 13 saylı Cəzaçəkmə Müəssisəsindən 7 nəfər, 2 saylı Cəzaçəkmə Müəssisəsindən 7 nəfər, 7 saylı Cəzaçəkmə Müəssisəsindən isə 2 nəfər azadlığa buraxılıb.
Sərəncam əsasında əfv olunan Afiq Kazımov prezidentə öz təşəkkürünü bildirib: “Çox sağ olun prezidentimiz! Bizim günahlarımızı bağışladı. Əfv olunacağöımı gözləmirdim”
Əfv olunan şəxslərin valideynləri də sevinclərini gizlətmirlər. Valideyn Təyyar İbrahimov sevincinin həddi-hüdudu olmadığını deyir: “Bu gün biz valideynlərin ailəsinə, özünə sevinc bəxş edən cənab prezidentimizə uzun ömür, can sağlığı arzu edirəm! Bizi sevindirdi. 2 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Övladımın əfv olunacağını hiss edirdim. Çünki, ilk günahı idi. Öz dostu ilə dalaşmışdı. Yüngül xəsarət yetirmişdi”.
Sərəncamın icrasına həsr olunmuş tədbirdə çıxış edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin islah və sosial müdafiə şöbəsinin rəisi Rafiq Ramazanov sərəncamın böyük məna daşıdığını deyib: “Sözsüz ki, biz əfv olunanların sayının çox olmasını arzu edərdik. Amma, düşünməliyik ki, hər kəs bundan nəticə çıxarmalıdır. Həm özləri, həm yaxınları nəticə çıxarmalıdır ki, bir də bizim müəssisələrə düşməsinlər”. 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanın müstəqilliyi elan olundu. Müstəqilliyin nə olduğunu yəqin ki, dərk edirsiniz. SSRİ-də əfv sərəncamı demək olar ki, fərdi qaydada, az-az olan hadisə idi. Amma, 1995-ci ildən bu günə kimi Azərbaycanda əfv sərəncamları imzalanır. İcra etdiyimiz bu sərəncam artıq sayca 57-ci əfv sərəncamıdır. Bu sərəncamlar əsasında 5938 nəfər əfv olunub”.
Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib.