Ağır xəstəlikdən əziyyət çəkən daha bir jurnalist Prezidentin himayəsi ilə həyata qaytarıldı
Qaraciyər serrozundan əziyyət çəkən, prezident İlham Əliyevin himayə altında transplantasiya əməliyyatı olunan operator Nizami Eyvazovun vəziyyəti artıq yaxşıdır. APA TV-nin məlumatına görə, bu gün Nizami Eyvazovu əməliyyat etmiş Mərkəzi Nefçilər Xəstəxanasının cərrahiyyə və orqan-transplantasiya şöbəsinin müdiri Mircəlal Kazimi Nizami Eyvazovun səhhətinin normal olduğunu deyib:
"Əməliyyat uğurla nəticələndi. Xəstənin əməliyyata girişi uzun müddət çəkdiyinə görə reabilitasiya müddəti də uzandı. Hazırda vəziyyəti qənaətbəxşdir. Normal həyata dönüb. İki gündən sonra o evə ambulator müalicəyə göndəriləcək".
Həmkarımız Mərkəzi Neftçilər Xəstəxanasında dövlət hesabına əməliyyat olunub. Mircəlal Kazımi Nizami Eyvazovun “Hepatit B”yə bağlı qaraciyər serroszundan əziyyət çəkdiyini deyib. Xəstəxanaya müraciət edəndə o, artıq normal həyati funksiyaları icra etmə qabiliyyətində olmayıb. Əməliyyat 12 saat davam edib və uğurla başa çatıb. Azərbaycan prezidentinin göstərişi ilə əməliyyatın bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilib.
Həmkarımız APA TV-yə verdiyi açıqlamada özünü yaxşı hiss etdiyini deyib:
"İndi özümü yaxşı hiss edirəm. Əməliyyatım uğurlu keçdi. Hazırda normal yemək yeyirəm, gəzirəm, havaya çıxıram. Yalnız bir çətinliyim var. Tam sağalmam üçün lazım olan həyat əhəmiyyətli bir preparat var. Maddi durumum yaxşı olmadığından nazirliyin xətti ilə həmin preparatı almaq üçün müraciət etmişəm. Prezidentimizə və Səhiyyə Nazirliyinə minnətdaram".
Qeyd edək ki, Nizami Eyvazov bazar ertəsi evə buraxılacaq.