“Bakı-2015” I Avropa Oyunları çərçivəsində dağ velosipedi idmanı üzrə sınaq yarışı keçirilib

“Bakı-2015” I Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışına start verilib. APA TV-nin xəbərinə görə, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Dağ Velosipedi Parkında keçirilən yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına aiddir.

Azərbaycan, Gürcüstan, Yunanıstan, Livan, Rusiya, İsveçrə, Türkiyə və Ukrayna velosipedçilərinin yarışdıqları turnirdə ilkin olaraq qadınlar mübarizə aparıb. Uzunluğu 4,1 kilometr olan zolaq boyunca 6 dövrə vuracaq qadınların yarışında 8 qadın mübarizə aparır. Qadınların gərgin idman mübarizəsi şəraitində keçən yarışında marşrutu 1 saat 24 dəqiqə 46 saniyəyə qət edən Ukrayna idmançısı Yana Belomoina birinci olub.

İsveçrə millisinin üzvləri Katrin Stirnemann və Linda İndergand müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Qalibə kuboku Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.

Qeyd edək ki, Azərbaycan yığma komandası yarışda 3 kişi velosipedçi - Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədov ilə təmsil olunur.
 
 

Müəllif | Apa.Tv