Əfv olunan “NİDA”çılar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan “NİDA” Vətəndaş Hərəkatının keçmiş üzvləri - Elsevər Mürsəliyev və Bəxtiyar Quliyev Fəxri Xiyabanda olublar. APA TV-nin məlumatına görə, onlar valideynləri ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bəxtiyar Quliyev əfv olunduğuna görə prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Əvvəl etdiyim səhvləri bir daha etməməyi düşünürəm. Çünki cənab prezident tərəfindən belə böyük bir humanizm göstərilib. Sağ olsun".

Əfv olunan Elsəvər Mürsəliyev isə daha siyasi fəaliyyətlə məşğul olmaq niyyətində deyil: “Çox sevincliyəm. Siyasi fəaliyyətimi davam etdirməyəcəyəm. Bu gün cənab prezident tərəfindən əfv olunmuşuq”.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də var.

Müəllif | Apa.Tv
Apa.tv