Azərbaycan prezidenti Goranboya səfər edib

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna səfər ediblər. APA TV-nin məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə ümummilli lider Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və ulu öndərin yeni ucaldılan abidəsinin ətrafında aparılan abadlıq tədbirləri barədə prezidentə məlumat verib. Prezident və xanımı “Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanış olublar. "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, bu layihə üzrə “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə 330 kilovoltluq “İmişli” yarımstansiyası arasında çəkilmiş 330 kilovoltluq hava xəttinin ümumi uzunluğu 165 kilometrdən çoxdur. Layihə çərçivəsində 330 kilovoltluq “Goranboy” paylayıcı elektrik məntəqəsi tikilərək şəbəkəyə qoşulub və o, respublikada bu gərginlikdə ilk paylayıcı məntəqədir.

Prezident və xanımı Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında iştirak ediblər. Avtomobil yolunun 24 kilometrlik hissəsinin inşası başa çatdırılıb. Layihə çərçivəsində yol üzərində 15 su keçidi tikilib, 4-ü bərpa olunub. Yolun kənarında 550-yə yaxın siqnal dirəkləri yerləşdirilib. Üçüncü texniki dərəcəli yolda əhalinin və avtomobillərin rahat hərəkəti təmin olunub, kəndlərarası əlaqə asanlaşıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak ediblər. Daha sonra onlar Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlər təşkil olunacaq. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada müzakirə və diskussiya zalları qurulub.

 

Müəllif | Apa.Tv
Apa.tv