Azərbaycanlı jurnalistlər Rusiya gəmilərində olublar
Rusiyanın Xəzər Dəniz Donanmasına məxsus "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmiləri Bakı limanındadır. APA TV-nin məlumatına görə, oktyabrın 16-dan Bakı sularında səfərdə olan hər iki gəminin ekipaj üzvləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın mətbuat nümayəndələrinə hərbi gəmilərlə yaxından tanış olmaq üçün şərait yaradılıb.
"Dağıstan" böyük raket gözətçi gəmisi 2012-ci ildə, "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmisi isə 2013-cü ildə silahlanmaya qəbul edilib. Bu gəmilərdə qurulan raketlər yerüstü hədəfləri 2000 kilometr, dənizdəki hədəfləri isə 500 kilometr məsafədə məhv etməyə qadirdir. Müasir texnologiya ilə təchiz edilən gəmilər radarlarda görünmür. Səfər proqramı çərçivəsində gəmi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Qeyd edək ki , "Dağıstan" böyük raket gözətçi gəmisinin kapitanı Rusiya vətəndaşı, əslən azərbaycanlı Vüsal Miriyevdir.