Saatlıda 11 yaşlı oğlanı maşınla vurub öldürən sürücü tutulub
Saatlıda 11 yaşlı uşağın ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub. Əməlini gizlətməyə çalışan sürücü sirri 14 gün saxlaya bilib.
APA TV-nin xəbərinə görə, azyaşlının ölümünə səbəb olan hadisə oktyabrın 3-ü saat 19.30 radələrində Saatlı şəhərinin Axundov küçəsində qeydə alınıb. 11 yaşlı Mirispən Heydərov naməlum avtomobil tərəfindən vurulub və hadisə yerində ölüb. Heç bir iz buraxmadığını düşünən sürücü isə avtomobili saxlamadan hadisə yerindən uzaqlaşıb.
Lakin polis əməkdaşları hadisə yerindən avtomobilə aid ehtiyyat hissəsi aşkarlayıblar. Daha sonra həmin əraziyə yaxın təhlükəsizlik kameralarının görüntüləri ilə şübhəli bilinən avtomobillər araşdırılıb. Aparılan əməliyyat- axtarış tədbirləri nəticəsində hadisənin törədildiyi ehtimal olunan avtomobil polis şöbəsinə gətirilib. Həmin avtomobilin sürücüsü, Füzuli sakini Bayram Tağıyev şübhəli şəxs qismində saxlanılıb.
İstintaq bölməsinin rəisi Əvəzağa Məmmədov deyib ki, sürücü ilkin ifadə zamanı heç bir məlumat verməyib: "Lakin istintaqın gedişi zamanı suallar qarşısında aciz qalaraq, əməllərini etiraf edib. Hətta sürücü öncə hadisəni qardaşının törətdiiyi söyləsə də, sonra cinayəti gizlətmək üçün belə söylədiyini deyib".
Sürücü qəzadan sonra avtombili Füzuli rayonunun Qayıdış qəsəbəsində 14 gün müddətində gizlədib. O, avtomobili təmir etdirdikdən sonra satmaq qərarına gəlib. Ələ keçən sürücü indi peşiman olduğunu və hadisə yerindən qorxduğu üçün qaçdığını bildirib.
Faktla bağlı araşdırmalar Saatlı Rayon Polis Şöbəsinin istintaq bölməsində davam etdirilir.