İraqda partlayış: general və mühafizəçiləri öldürüldü

İraqda ötən gün baş verən partlayışlarda 8-i hərbçi olmaqla 28 nəfər ölüb. APA TV-nin xəbərinə görə, partlayış Bağdad və Felluca şəhərlərində törədilib. Ümumilikdə 50 nəfərin yaralandığı bildirilir. Felluca şəhərinin Amiriyyə nahiyəsinin məclis sədri Şakir Mahmud Anadolu Agentliyinə bildirib ki, Amiriyyənin cənubunda terrorçu kamikadze özünü partladıb. Partlayış nəticəsində terrorçunun özü, briqada generalı Qeys Türki və generalın 2 mühafizəçisi ölüb.

 

Bağdadın Harisiyə hissəsində törədilən başqa terror aktında 18 nəfər ölüb, 31 nəfər yaralanıb.

 

Şəhərin qərbində, Zeydanda kimliyi bəlli olmayan terrorçu qrup tərəfindən hərbi məntəqəyə edilən hücumda isə 7 hərbçinin öldürüldüyü, 19 əsgərin yaralandığı bildirilir. Polis hadisəni törətdikdən sonra qaçan terrorçuların axtarışına başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv