Güclü külək Bakıda orta məktəbin damını uçurdu
Dünən axşamdan paytaxtda müşahidə olunan külək fəsadsız ötüşməyib. Güclü külək Bakıdakı 225 saylı məktəbin dam örtüyünü sıradan çıxarıb.
Təbii fəlakət nəticəsində tədris müəssisəsinin dam örtüyünün 35 faizi yararsız hala düşüb. Məktəbin direktoru Sevda Eminova APA TV-yə bildirib ki, dünən axşam saatlarında baş verən hadisədən sonra Təhsil və Fövqaladə Hallar nazirliklərinə, Bakı Şəhər Təhsil İdarəsinə məlumat çatdırılıb: "Biz bu gün şagirdlərin məktəbə gəlməməyini təmin etdik. 45 sinfin sinif rəhbərləri ilə əlaqə saxladıq, məlumat verdik, bildirdik ki, valideynlərə məlumat verilsin ki, uşaqlar məktəbə gəlməsin. Bu tullantıların hamısı kəsicidir, eyni zamanda hər an küləyin təsirindən düşə bilər və uşaqlara ciddi xəsarət yetirə bilər.
2011-ci ildə əsaslı təmir olunan məktəbin dam örtüyü 2009-cu ildə yenilənib: "Əlbəttə ki, ilk səbəb küləyin təsiridir. Görünür, ustaların da burda diqqətsizliyi olub. Yəni, bu, tədris müəssisəsidir. Burda işlər daha dürüst, daha diqqətli aparılmalıdır".
Hazırda məktəbə dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Məktəb rəhbərliyi bildirib ki, dərslər sabahdan davam edəcək.