Bakıda qadınlara həsr olunmuş beynəlxalq konfrans keçirilir

"Müstəqil Azərbaycan ı İslam Әməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq bu gün ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir".

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın iştirakçılarına təbrik məktubunda deyib.

Məktubu Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub. Məktubda deyilir ki, 1995-ci ildə Pekində keçirilən Qadınların Ümumdünya Konfransı bütün ölkələr qarşısında qlobal, regional və lokal səviyyələrdə əsas fəaliyyət proqramlarını müəyyən edib. Bununla bağlı keçirilən konfransların cəmiyyətlərin inkişafında qadınların rolunun gücləndirilməsinə mühüm töhfə verdiyini deyən ölkə başçısı qadın hüquqlarına xüsusi diqqət yetirən İslam dininin qadın şəxsiyyətini layiqli mövqeyə yüksəltdiyini qeyd edib: "Azərbaycan qadınları insan haqlarının vacib amillərindən sayılan seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl əldə etməklə təhsildə, səhiyyədə, mədəniyyətdə və elmdə böyük uğurlar qazanaraq dövlət quruculuğu prosesinin əsas qüvvələrindən birinə çevrilib. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş ölkəmizdə qadınlarımızın pozulmuş hüquqları indiyədək bərpa olunmayıb. Bir sıra mötəbər qurumların, o cümlədən İslam əməkdaşlıq Təşkilatının respublikamızın ərazi bütövlüyünün bərpasını dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır".

 

IV konfransın sədri, İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto çıxış edərək bildirib ki, bundan əvvəlki konfrans Cakartada keçirilib və çox önəmli qərarlar qəbul edilib, bir sıra nailiyyətlər əldə olunub.

 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dilindən, dinindən və mədəni mənsubiyyətindən asılı olmayaraq bütün dövlətlərin cəmiyyətin və dünyanın inkişafında, sülhün və əmin-amanlığın bərqərar olunmasında qadınların xüsusi yeri olduğunu etiraf edi: "Dünya və islam ölkələri çətin zamanda, müharibə və qanlı toqquşmalar şəraitində yaşayır. Biz ümid edirik ki, dünya və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qadınları bu sahədə öz töhfələrini verəcək".

 

Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv 56  ölkənin qadın mələləri üzrə məsul nazirləri iştirak edir.

 

Tədbirə qatılanİranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Şəhindoxt Molaverdi deyib ki, qadın hüquqları məsələsi İranda da çox aktualdır və İslam Respublikası yaranandan bəri dövlətin əsas siyasətlərindən biri də qadınların hüquqlarının bərpası olub: "Biz hazırda bu  sahəni inkişaf etdirmək istiqamətində hərəkət edirik. İndiki prezident və kabinet də öz siyasətini bu yöndə davam etdirir. İranda qadınların məşğulluq səviyyəsi bizim istədiyimiz qədər deyil. Universitetdə təhsil alan qızların gələcəkdə işlə təmin olunması sahəsində də işlər davam etdirilir. İran parlamentində 9 qadın nümayəndə var. Gələcək seçkilərdə onların sayını daha artmasına cəhd edəcəyik".

 

Tədbirdə iştirak edən BMT baş katibinin köməkçisi Lakşmi Puri qadınların hüquqlarının artırılması sahəsində İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyib. BMT rəsmisi keçirilən bu tədbirin İƏT-in 2015-ci ildə 5 il müddətinə qəbul ediləcək proqramının tərtibinə töhfələr verəcəyini bildirib.

 

İki günlük tədbirin sonunda "Bakı bəyannaməsi" qəbul olunacaq.

 

Müəllif | Apa.Tv