Yeni yaradılan 3 seçki dairəsi üzrə komissiyaların üzvləri müəyyənləşib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. APA TV-nin xəbərinə görə, iİclasın gündəliyinə MSK-nın 13 oktyabr tarixli protokolunun təsdiq edilməsi və bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxil olunub. MSK-nın 13 oktyabr tarixli protokolu təsdiq edilib. 3 dairə seçki komissiyasının ləğv edilməsi nəticəsində yeni yaradılan 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 41 saylı Sumqayıt birinci seçki dairəsi və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə seçki komissiyalarının da üzvləri seçilib.
İclasda 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Dairə Seçki Komissiyasının üzvlüyünə namizədliklə bağlı mübahisə yaşanıb. Mübahisə parlamentdə azlığı (siyasi partiyaları) təmsil edən MSK-nın 6 üzvünün 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə DSK-ya namizədlərin irəli sürülməsi məsələsində öz aralarında razılığa gələ bilməməsi səbəb olub. MSK üzvü Almaz Qəhrəmanlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədini müdafiə edib və bundan əvvəl həmin ərazi üzrə dairə seçki komissiyasının üzvü olmuş Əlvan Dəmirlinin namizədliyinin MSK katibi Mikayıl Rəhimli tərəfindən irəli sürülməməsinə etiraz edib. MSK üzvü Akif Qurbanov da onun etirazını əsaslı sayıb.
MSK sədri Məzahir Pənahov isə DSK-lara namizədlərin MSK-da azlığı təmsil edən 6 üzv tərəfindən müəyyənləşdirilməli olduğunu, partiyaların birbaşa namizəd irəli sürərək MSK-dan həmin namizədin DSK üzvü seçilməsini tələb etməyə haqqı olmadığını vurğulayıb. O bildirib ki, DSK-dakı 3 yerə MSK-nın 6 üzvü namizəd irəli sürməlidir. Önlar öz aranızda razılığa gələ bilməsə, ayrılıqda da namizəd irəli sürmək hüququ var.
M. Rəhimli Sosial Rifah Partiyasının namizədinin MSK-da azlığı təmsil edən 6 üzvdən 3-nün dəstəklədiyini nəzərə çatdırıb. M. Rəhimlinin təqdimatı ilə Sosial Rifah Partiyasının müdafİə etdiyi namizəd DSK üzvü seçilib.