Lerikdə torpaq sürüşüb, dağlara qar yağıb
Oktyabrın 19-da axşam saatlarından başlayan intensiv yağışlar nəticəsində Lənkəran-Lerik şose yolunda sürüşmə baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, küləklə müşayiət olunan güclü yağıntı yolun 17-18 və 20-22-ci kilometrliklərində torpq sürüşüməsinə səbəb olub. Ən təhlükəli vəziyyət yolun Lerikin Piran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Saat 03.00 radələrində baş verən sürüşmə nəticəsində şose yolda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Lerik rayon 43 saylı yol-istismar idarəsinin texnikası və canlı qüvvəsi, eləcə də yerli sakinlərin birgə səyləri ilə yol uçqunlardan, palçıqdan təmizlənərək maşınların itensiv hərəkəti bərpa olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometroloji Müəssisəsindən verilən məlumata görə, bölgəyə düşən yağıntı aylıq norma daxilindədir. Lerikin dəniz səviyəsindən 1500 m yüksəklikdə yerləşən ucqar dağlıq ərazilərinə, Kəlvəz və Rvarud kəndlərinə 28 santimetrədək qar düşüb.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam etməkdədir.