Bakıda “Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit” mövzusunda konfrans keçirilir
“Enerji təhlükəsizliyi qlobal problemə çevrilib və bəşəriyyətin əsas problemi olub”.
APA TV-nin xəbərinə görə, bunu bu gün Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit” konfransında Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova bildirib.
Onun sözlərinə görə, enerji resurslarının qorunması, qənaətlə istifadə edilməsi və artırılması bu günün problemi deyil. G. Məmmədova bildirib ki, yer üzündə enerji problemləri yarandıqca, enerji təminatı problemləri yarandıqca, bütün dünyada yaşıl iqtisadiyyatın inkişafına, insanların ekologiyaya zərər vurmadan və ya az zərər vurmaqla ekoloji təmiz enerjinin əldə olunmasına ehtiyac yaranır.
Millət vəkili bildirib ki, artıq 10 ilə yaxındır, onun rəhbərlik etdiyi ali məktəbdə bu sahənin mütəxəssisləri və kadrları hazırlanır. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynova isə bildirib ki, 2006-cı ildən bu günə qədər Azərbaycanda 1400 hektar neftlə çirklənmiş torpaq sahəsi təmizlənib.
Onun sözlərinə görə, bu torpaq sahələrində 500 mindən artıq ağac əkilib. Baxmayaraq ki, yaşıllaşdırma neft sahəsində ən sonuncu atılan addımdır, lakin bu müddət ərzində yarım milyona yaxın ağac əkilib.
Vitse-prezident qonaqlara TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib və bildirib ki, bu layihələrin həyata keçirilməsi zamanı ətraf mühitinin qorunması və yaşıl iqtisadiyyata böyük üstünlük veriləcək.
Daha sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov "Yaşıl iqtisadiyyat və məkansal əlçatanlıqlı cəmiyyət" mövzusunda çıxış edib.
Tədbir panel iclasları ilə 2 gün davam edəcək.