“Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” - TƏQDİMAT

Bakı Slavyan Universitetində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus dilində işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabının birinci hissəsinin təqdimatı keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev kitabın tarixi baxımdan çox dəyərli olduğunu söyləyib.

 

Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov bildirib ki, kitab Azərbaycan tarixşünaslığında və şərqşünaslığında mövzuya dair ən bitkin baxışdır. O deyib ki, Ramiz Mehdiyev kitabda özündən əvvəlki tədqiqatçıların bəzilərinin fikirləri ilə razılaşır, bəzilərinin fikirlərini isə qətiyyətlə qəbul etmir. Eldar Əmirovun sözlərinə görə, Ramiz Mehdiyev kitabda Şah İsmayılın həm dini mövqeyinə, həm də Türkiyə tarixçilərinin hökmdar haqqında olan mənfi fikirlərinə aydınlıq gətirib: "Bu yaxınlarda kitabın rus dilində ikinci cildi işıq üzü görəcək. Kitabın birinci cildi Səfəvi ordeninin tarixinə, eyni zamanda Şah İsmayıl Xətayinin yaratdığı dövlət quruculuq sisteminin analizinə həsr olunub. İkinci hissə isə Şah İsmayılın Xarici siyasətinə onun apardığı müharibələrə, yaratdığı dövlətin Azərbaycan tarixində yerinə həsr olunacaq. Kitab Azərbaycan dilində də nəşr olunacaq".

 

Akademik İsa Həbibbəyli isə kitabda Şah İsmayıl Xətainin tarixi Azərbaycan ərazilərində mərkəzləşmiş dövlət - imperiya yaratmaq istəyinin nəzərə çatdırıldığını vurğulayıb. Osmanlı sultanı Səlim Şah İsmayıla 3 məktubunda Azərbaycan torpaqlarına iddialı olduğunu bildirir, Şah İsmayıl da ona Azərbaycan hökmdarı kimi cavab verir. Bu məktublar çox gözəl tarixi mənbələrdir və Səfəvilər dövlətinin birmənalı olaraq Azərbaycan dövləti olduğunu sübut edir.

 

Tədbirdə digər çıxışçılar kitabın əhəmiyyətindən bəhs ediblər. 

 

Müəllif | Apa.Tv