Elmin İnkişaf Fondu 500 min manatlıq müsabiqə elan edib

"2009-cu ildə yaradılan Elmin İnkişaf Fondu beynəlxalq əlaqələri daima genişləndirib, müsabiqələrin formatını zəngiləşdirib. Fond tərəfindən fəaliyyət göstərdiyi 5 il ərzində 18 müsabiqə üzrə 329 layihə qalib elan olunub. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 25 milyon manata yaxın vəsait ayrılıb. İlin sonuna kimi Fondda ən müxtəlif istiqamətlər üzrə daha 5 müsabiqənin elan edilməsi planlaşdırılır".

 

Bunu APA TV- yə Fondun icraçı direktoru Elçin Babayev deyib: "Elmin İnkişafı Fondu artıq 5 ildir fəaliyyət göstərir.  Bu Fond fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi Azərbaycanda elmin inkişafında ciddi nəticələrə nail olunub. Bu nəticələr xüsusən də gənc alimlərin fəaliyyətində özünü büruzə verir.  Belə ki, gənc alimlər Fondun elan etdiyi qrant müsabiqələrdə iştirak edir və bu onların fəaliyyətini stimullaşdırır".

 

Bu gün Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə birinci Azərbaycan-Belarus beynəlxalq konfransı keçirilib. Konfransın məqsədi birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən fundamental-tətbiqi xarakterli elmi- tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələri təhlil etmək,  monitorinq xarakteri daşıyan müzakirələr aparmaq, bitgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr verməkdir.

 

Konfransda ikinci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsini elan edilib. Müsabiqə üçün Elmin İnkişaf Fondu 500 min manat ayırır. Müsabiqədə bütün elm sahələri və istiqamətləri üzrə təqdim olunmuş fundamental-tətbiqi xarakterli beynəlxalq layihələr maliyyələşdiriləcək. Bu qrantlar yalnız Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş kollektivlərə veriləcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı