Nazir müavini: "Rəsmi Budapeşt Azərbaycana Aİ-yə inteqrasiya etməkdə dəstək verəcək"

"Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının Azərbaycana  yanaşması Ermənistan və Gürcüstana olan münasibətindən fərqlidir. Söhbət münaqişənin həllinə göstərilən soyuqluqdan, ikili yanaşmadan gedir. Bu gün Azərbaycan Avropa İttifaqında təmsil olunan tərəfdaşlarından ölkəmizin mövqeyini məhz bu qurumda müdafiə etməyi daha çox gözləyir. Macarıstanın Avropa İttifaqında vacib yer tutur. Ümid edirəm ki, rəsmi Budapeşt Azərbaycana bu təşkilata inteqrasiya etməkdə dəstək verəcək". APA TV-yə açıqlamasında  Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev belə deyib.

 

"Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan suverenliyinə hörmətlə yanaşır, çağırışımız ondan ibarətdir ki, bu münasibətlər nəinki ikitərəfli əməkdaşlıq, o cümlədən Avropa İttifaqı çərçivəsində də fəal olsunlar. Çünki Macarıstan Avropa İttifaqının 10 ildir ki üzvüdür. Onların bu qurum çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləməsi mühüm olardı".

 

Xarici işlər nazirinin müavini  qeyd edib ki, rəsmi Bakı Avropa İttifaqından münaqişənin həllinə təkan verəcək töhfə gözləyir.

 

"Güman edirik ki, Aİ bu məsələdə mövqeyini dəyişəcək. Azərbaycanın qurumdan gözlədiyi mövqeyi əks etdirəcək".

 

Mahmud Məmmədquliyev Azərbaycanın  ÜTT üzvlüyü məsələsinə də diqqət çəkib. İlin sonunda danışıqların növbəti mərhələsinin baş tutacağını bildirib.

 

"Bu ilin sonunda işçi qrupların kənd təsərrüfatı sahəsində çoxtərəfli danışıqları keçiriləcək. Eyni zamanda təşkilata üzv ölkələrlə ikitərəfli danışıqlar da aparılacaq. Dəqiq tarix bəlli olmasa da, dördüncü rübdə növbəti görüşün keçirilməsi labüddür".

 

Xatırladaq ki, Azərbaycan  ÜTT ilə  2004-cü ildən danışıqlara başlayıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı