MDB və Baltikyanı ölkələrin dəmiryolçuları Bakıda toplaşıb
Bu gün Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası keçirilir. APA TV-nin xəbərinə görə, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini çatdırıb.
Tədbirdə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2014-cü ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki haqqında, 2014-cü ilin may ayında keçirilmiş yük vaqonlarının və 2014-cü ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıya alınmasının yekunları haqqında, 2014-cü ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında, yük vaqonları parkının vahid idarəetmə sistemi üzrə əldə olunan razılığın yerinə yetirilməsi haqqında, 2015-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada Tarif siyasəti haqqında, beynəlxalq sərnişin daşınması üzrə MDB dövlətləri həmçinin Gürcüstan, Latviya, Litva və Estoniya respublikaları arasında bağlanan Razılığa dəyişikliklər və əlavələr edilməsi haqqında, Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər Smetası haqqında, Dəmir yolu administrasiyaları Məlumat-hesablama Mərkəzlərinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş Smetası haqqında, “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü kimi məsələlər müzakirə olunması nəzərdə tutulub. “ Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti 61-ci iclasında iştirak edən MDB-nin dəmir yolu nəqliyyatı üzrə Şurasının sədri, “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin bildirib ki, iclasda MDB ölkələrinin dəmiryolu təşkilatları yük daşınmaları üzrə vahid tariflər tətbiq edəcək. "Bu tarif daimi ola bilməz. Bazarın konyunkturasının dəyişikliklərindən asılı olaraq dəyişəcək. Bu tariflər 2016-cı ildən tətbiq olunacaq", - deyə V. Yakunin bildirib. O qeyd edib ki, beynəlxalq yük daşımalarında vahid tarifin tətbiqi haqda qərar artıq razılaşdırılıb və iclasın sabah keçiriləcək gedişində qəbul ediləcək.