Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərinin vaxtı açıqlandı

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. APA TV-nin xəbərinə görə, bu barədə bu gün keçirilən iclas zamanı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bələdiyyə üzvlərinin səlahiyyətləri də məhz həmin tarixdə bitir.  Məzahir Pənahov deyib ki, son bələdiyyə seçkilərində 1718 bələdiyyəyə seçkilər keçirilib.

 

"Son 2-3 mərhələdə bələdiyyələrin bir yerdə birləşməsi ənənəsi yaranıb. Mən hesab edirəm bu düzgün addımdır. Çünki əvvəllər kiçik bələdiyyələr var idi ki, onlarda heç 10 seçici yox idi. Hazırda qanunvericiliklə tənzimlənərək bələdiyyələrin sayı 1607-yə enib. Növbəti seçkilərdə 1607 bələdiyyəyə seçkilər keçiriləcək".

 

Daha sonra MSK-nın katibi Arifə Muxtarova “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsinə dair məsələlər barədə məlumat verib. Komissiya Təqvim Planının təsdiq edilməsi barədə qərar qəbul edib. Plana əsasən seçki bülletenlərin hazırlanması dekabrın 13-dək həyata keçiriləcək.

 

Bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi prosesi 2015-ci yanvarın 17-dək başa çatmalıdır. Oktyabrın 22-dən isə bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə start veriləcək. Qanunvericiliyə əsasən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi proseduru seçki gününə 30 gün qalmış başa çatır. Təşviqat kompaniyası isə seçkilərin keçiriməsinə 23 gün qalmış başlayacaq və bir sutka qalmış dayandırılacaq.

 

İclasda MSK-nın nəzdində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu və imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün İşçi Qrupu yaradılıb və tərkibi müəyyənləşdirilib.

 

Müəllif | Apa.Tv