Çempionlar Liqasında darmadağınlar gecəsi: 8 oyunda 40 qol!

Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun ilk qarşılaşmalarında turnirin tarixində ən məhsuldar oyun günü qeydə alınıb. APA TV-nin xəbərinə görə, günün 8 oyununda 40, başqa sözlə, orta hesabla hər oyunda 5 qol vurulub.

 

Ən qollu oyun "Roma" və "Bavariya" arasında keçirilib. Münhenlilər səfərdə "Roma"nı 1:7 hesabı ilə məğlub ediblər. Hollandiyalı yarımmüdafiəçi Aryen Robben dubla imza atıb, Götze, Levandovski, Müller, Riberi və Şakiri isə hərəyə bir qol vurub. İtalyanların heyətində yeganə qolu Jervinyo vurub.

 

Qollu oyunlardan biri də Belarusda keçirilib. Ukraynanın "Şaxtyor" klubu səfərdə BATE-nin qapısından 7 cavabsız top keçirib. Oyundakı qolların hamısını braziliyalı futbolçular vurub. Luis Adriano beş qol vurub, Duqlas Kosta və Aleks Teyşeyra isə hərəyə bir dəfə fərqlınib.

 

Londonda da darmadağın qeydə alınıb. "Çelsi" öz meydanında "Maribor"u 6:0 hesabı ilə məğlub edib. Oyunda Eden Azar dubla imza atıb, Loik Remi, Didye Droqba, Con Terri hərəyə bir qol vurub. "Maribor"un futbolçusu Mitya Viler isə topu öz qapısından keçirib.

 

Digər oyunlarda “Barselona” “Ayaks”a 3:1, “Porto” “Atletik”ə 2:1, “Şalke” “Sportinq”ə 4:3, PSJ isə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Rusiya ÇSKA-sı və “Mançester Siti” qarşılaşmasında 2:2 hesablı heç-heçə qeydə alınıb.

 

Qeyd edək ki, 1997-ci ilin oktyabrında Çempionlar Liqasının bir oyun günündə 44 qol vuruilmuşdu. Lakin həmin gün 12 oyun keçirilmişdi və orta hesabla hər oyuna 3,67 qol düşürdü.

Müəllif | Apa.Tv
Apa.tv