Qubanın Gədikqışlaq kəndinə elektrik xətləri yararsız hala düşüb

Qubadan 26 km uzaqlıqda yerləşən Gədikqışlaq kəndinin sakinləri yaşayış məntəqəsindəki elektrik xəttlərinin yararsız olmasından şikayətlənir. 1960-cı illərdə çəkilən elektrik xəttləri artıq köhnəlib və sıradan çıxıb. Bu isə öz növbəsində sakinlərin elektrik enerjisindən fasiləsiz  istifadə etməsində problemlərə yol açıb.

 

Yaşayış məntəqəsindəki elektrik dirəklərinin əksəriyyəti çürük olduğundan onların hər an aşma təhlükəsi var. Sakinlər deyir ki, yararsız bəzi elektrik dirəklərini özləri dəyişiblər. Qarşıdan gələn soyuq qış fəsli isə sakinlərin qayğılarını daha da artır. Çünki hava şəraitin qeyri-sabit keçməsi elektrik xəttlərində açılmalara səbəb olur.

 

Xaçmaz regional elektrik şəbəkəsindən APA TV-yə bildirilib ki, şimal regionunda nəinki Gədikqışlaq, eləcə də digər kəndlərdə elektrik xətlərinin dəyişdirilməsinə ehtiyac var. Bunun üçün artıq layihə sənədləri hazırdır. Dövlət tərəfindən investisiya ayrıldıqdan sonra müvafiq işlərə başlanacaq.

 

Müəllif | Apa.Tv
Vəli Turan