Şəmkirdə Azərbaycan və Litva Hökumətlərarası Komissiyanın IV iclası keçirilib

Bu gün Şəmkirdə Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Komissiyanın həmsədri Fazil Məmmədov qurumun fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayaraq, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, 2014-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,9 dəfə artaraq 25,1 mln. ABŞ dollarına çatdığını bildirib.

  

F. Məmmədov ölkələrimiz arasında çoxtərəfli formatda da münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, məhz Litvanın Avropa Şurasında sədrliyi dövründə, yəni 2013-cü ilin noyabr ayında Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsinə dair razılaşmanın imzalanmasının mühüm bir hadisə olduğunu qeyd edib.

Komissiyanın Litva tərəfdən həmsədri, bu ölkənin xarici işlər naziri Linas Linkeviçius ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyətini müsbət dəyərləndirib. 

Sonra Komissiya gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparıb. 

İclasın sonunda Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi F. Məmmədov və L. Linkeviçius imzalayıb.

 

İclas çərçivəsində VIII Azərbaycan-Litva biznes forumu da keçirilib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli