Malena Mard: "Prezidentlərin Parisdə nəzərdə tutulan görüşü müsbət addımdır"

“Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə nəzərdə tutulan görüşü müsbət addımdır”.

 

APA TV-nin xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Onun sözlərinə görə, bu kimi yüksək səviyyəli görüşlərin keçirilməsi çox vacibdir: "Bizim gözləntimiz Dağlıq Qarabağ məsələsində “status-kvo” vəziyyətinin dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasından ibarətdir".

 

Səfir Avropa İttifaqının Cənubi qaz dəhlizi üzrə Türkmənistan və Azərbaycanla danışıqların yeni mərhələsinə başlamaq niyyəti ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, Avropa Komissiyası, Azərbaycan və Türkmənistan arasında Transxəzər boru kəməri üzrə üçtərəfli görüş formatı mövcuddur: "Biz bunu addım-addım həyata keçiririk. Görüşün dəqiq tarixi barədə hələlik bir şey deyə bilməyəcəyəm. Avropa Komissiyası Türkmənistan və Azərbaycanla Transxəzər layihəsi üzrə irəliyə doğru addımlar atmaqda və birlikdə necə işləyə biləcəyimiz barədə danışıqlar aparmaqda maraqlıdır. Biz Cənub qaz dəhlizi və onun həyata keçirilməsinə böyük əhəmiyyət veririk".  

 

Malena Mard Azərbaycan prezidenti İlham Əliyevin 84 məhkuma şamil olunan əfv sərəncamı imzalamasını da alqışlayıb.

 

Müəllif | Apa.Tv