Azərbaycanda miqrasiyaya dair böyük layihə həyata keçiriləcək
Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda "Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsi həyata keçiriləcək. APA TV-nin xəbərinə görə, Bakıda layihənin açılış mərasimi keçirilib. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın sözlərinə görə, Azərbaycanla təmsil etdiyi qurum arasında viza sadələşdirilməsi və readmissiya haqqında saziş imzalanıb: "Bizim əsas öhdəliyimiz bu müqaviləni yerinə yetirməkdə Azərbaycana dəstək olmaqdır. Azərbaycanda "Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə potensialların gücləndirilməsi layihəsi”nin büdcəsi 3.2 milyon dollardır. Bunun 2.6 milyon dolları Aİ hesabına reallaşacaq. Layihənin 2017-ci ildə yekunlaşması nəzərdə tutulur".
Azərbaycandakı bir sıra dövlət qurumları layihədə tərəfdaş qismində çıxış edir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, dünyada 232 milyon nəfər miqrant mövcuddur və onlar əhalinin 2, 2 faizi deməkdir. Bunların əsasını əməkçi miqrantlar təşkil edir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədaxili və ölkəxarici miqrasiya əsas məsələlərdən biri olub. Miqrasiya prosesini tənzimləyəcək, idarəçilik potensialını artıra biləcək layihələrin həyata keçirilməsi gündəmdə olub. Azərbaycan miqrasiya münasibətlərinin tənzimlənməsinə beynəlxalq təşkilatlara önəm verir və BMT və sair qurumların konvensiyalarına qoşulub".
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi Cənub Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renate Heldin və arici işlər nazirliyinin Humanitar və sosial məsələlər idarəsinin rəisi Marat Kəngərlinski çıxış ediblər.