QMİ dəbdəbəli toy və yas mərasimləri ilə bağlı növbəti müraciət yayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda dəbdəbəli toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı növbəti müraciət yayıb.

 

APA TV-nin xəbərinə görə, müraciətdə qurumun Qazılar və Elmi-Dini Şurasının 13.07.2011-ci il tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı qəbul etdiyi bəyanat xatırlanıb, ictimaiyyəti növbəti dəfə xəbərdar edilir: “Bu gün milli və dini ənənələrin bərpası zamanı müsbət keyfiyyətlərin aşılanması ilə yanaşı, bir sıra problemlərin yaranması, bəzən ifrata və dinə aidiyyəti olmayan bidət hərəkətlərə yol verilməsi haqlı olaraq ictimaiyyəti narahat edir. Söhbət son zamanlar kütləvi informasiya vasitələrində geniş ictimai müzakirəyə çıxarılan və dövlət dairələrində debatlara səbəb olan toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydalarından, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılmasından, dəbdəbəli qəbirüstü abidələrin ucaldılmasından gedir. Qazılar Şurası və Elmi-Dini Şura ictimaiyyət nümayəndələri ilə birlikdə bu məsələ ilə əlaqədar əvvəlki illərdə bir neçə dəfə öz mövqeyini bildirsə də, çox zaman təklif və tövsiyələrimiz cəmiyyətdə tam tətbiqini tapa bilməyib. Əksər hallarda guya bu mərasimlərin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər”.

 

QMİ Qazılar Şurası hesab edir ki, qəbirüstü abidələrin hazırlanmasında ifrat dəbdəbə və təkəbbür nümayişi yas və toy mərasimlərindən geri qalmır. İslam qənaət, sadəlik və mötədillik dinidir, zahiri təmtərağı sevmir, bahalı məzar daşlarının, qəbirüstü abidələrin düzəldilməsi İslam normalarına ziddir. 

Müəllif | Apa.Tv
Apa.tv