Bakıda Beynəlxalq İnşaat Sərgisi keçirilir

Bakıda daha bir beynəlxalq tədbir keiçirilir. APA TV-nin xəbərinə görə, artıq 20-ci dəfədir ki, keçirilən Azərbaycan Beynəlxalq İnşaat Sərgisi həm ölkəmiz, həm də xarici istehsalçılar üçün bələdçi rolunu oynayır. Bu illər ərzində 35 ölkədən 3200 -dən çox şirkəti və yüz mindən artıq ziyarətçini qəbul edən "BakuBild" sərgisi hər il Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və digər ölkələrdən minlərlə iştirakçını qəbul edir.

 

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov sərginin önəmindən danışıb: "Bu sərginin ilk günlərindən böyüyərək, coğrafiyasını genişləndirərək, bu günə gəlib çıxmasının canlı şahidləriyik. Çünki ilk gündən bu sərgilərin hazırlanmasında, keçirilməsində yardım etmişik, həm də iştirakçı olmuşuq".

 

Bu il sərgi dünyanın 29 ölkəsindən 490 şirkəti, Bakı Ekspo Mərkəzinin bütün pavliyonlarını, o cümlədən kompleksin foyesi və açıq meydançasını da əhatə etməklə ekspozisiyasını genişləndirib.

 

Sərgidə Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, Portuqaliyanın 7 milli qrupu iştirak edir. İstehsal, məsləhət şirkətləri, tikinti sahəsində xidmətlər göstərən müəssisələrin yer aldığı Azərbaycan qrupu isə eksponatların 40 faizini təşkil edir.

 

Sərgi çərçivəsində keçirilən 7-ci Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri sərgisi regionda təhlükəsizlik üzrə ixtisaslaşdırılmış tədbirdir. Sərgidə təhlükəsizliyin təminatı üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə sistemləri nümayiş olunur.

 

"Təhlükəsiz həyat" stendində nümayiş olunan cihazlardan biri də intellektual kameralardır. 360 dərəcə fırlanmaq imkanına malik olan bu kameralar 4 kilometr uzaqlıqdan məsafəni seçir və 40 dəfəyədək yaxınlaşdıra bilir.

 

“Yanğın təhlükəsizliyinin təmin olunması sistemləri” sektorunda mütəxəssislərə tanınmış yanğın təhlükəsizliyi sistemləri, yanğın və mühafizə siqnalizasiyası, duman detektorları, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar, duman zamanı vizual görüntü üçün termal kameralar, qoruyucu eynəklər və bir sıra digər məhsullar təklif edilir.

 

Tikintidə təhlükəsizliyi təmin etmək üçün istifadə olunan qurğular binaların dam örtüyünün dəyişdirilməsində, üzlüklərin yenilənməsində işçini bədbəxt hadisədən qorumaq üçündür. 60 metrə qədər hündürlükdə olan binalarda istifadə oluna bilər.

 

"Xəzər İnşaat Həftəsi" oktyabrın 25-də yekunlaşacaq.

 

Müəllif | Apa.Tv