Kanada parlamentinə silahlı hücum: ölən və yaralanan var
Kanadanın paytaxtı Ottavada parlamentin qarşısındakı Milli Hərbi Memorialın yaxınlığında silahlı insident baş verib. Parlament yaxınlığında ətrafa atəş açan şəxs sonradan parlamentin binasına daxil olub. APA TV-nin məlumatına görə, binaya daxil olan cinayətkar burada da təxminən 30 dəfə atəş açıb. Son məlumata görə, silahlı şəxs artıq öldürülüb. Atışma zamanı hərbçilərdən birinin yaralandığı bildirilir.
Hadisə zamanı ölkənin baş naziri Stiven Xarper dərhal parlamentdən təxliyə edilib. Yaralanan fəxri qarovul əsgəri də vəfat edib.
Cinayəti törədən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Bu, Kanada vətəndaşı, 1982-ci il təvəllüdlü Kvebek sakini Mişel Zihaf-Bibodur. Onun bir müddət əvvəl İslam dinini qəbul etdiyi bildirilir.
Ottava polisi atışmada bir neçə nəfərin şübhəli olduğunu qeyd edib. Onlar barəsində hazırda axtarış-əməliyyat tədbirləri həyata keçirilir. Polis vətəndaşlara pəncərəyə və parlamentin binasına yaxınlaşmamağı tövsiyə edib. Bildirilir ki, atışma Ottavada eyni vaxtda bir neçə yerdə baş verib. Ottava polisi şəhərdə azı üç silahlı insidentin olduğunu təsdiqləyib. Polisin məlumatına əsasən, atışma parlamentin binasında, Milli Hərbi Memorialın yaxınlığında və “Rideau Centre” Ticarət Mərkəzində törədilib.