Zaqatalada toydan qayıdan ailə qəzaya düşüb, 3 nəfər yaralanıb
Zaqatalada bir ailənin üç üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə oktyabr ayının 22-si Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Qımır kənd sakini Fikrət Mahmudov idarə etdiyi “VAZ -21014” markalı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını öncə yolun sağ hissəsindəki işıq dirəyinə çırpıb. Daha sonra maşın hadisə baş verən yerdən 60-70 metr irəlidəki avtobus dayanacağına girib. Nəticədə sürücü xəsarət almasa da, sərnişinlər - Qımır kənd sakinləri-1971-ci il təvəllüdlü Arzu Qüdrət qızı Mahmudova, 1991-ci il təvəllüdlü Sahibə Ələkbər qızı Mahmudova və 1995-ci il təvəllüdlü Şəhriyar Fikrət oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Qəzaya düşən şəxslərin bir ailənin üzvü olduqları bildirilir. Onlar Zaqatala rayon mərkəzində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy məclisindən çıxıb yaşadıqları Qımır kəndinə evə gedərkən qəza törədiblər.
Faktla bağlı araşdırma aparılır.