İŞİD-in əmiri və 2 yüksək rütbəli hərbçisi öldürülüb

“İŞİD" terrorçu təşkilatı Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd edib. Strateji obyektə hücum eyni vaxtda üç istiqamətdən həyata keçirilib. Qızğın döyüş zamanı kürd özünümüdafiə qüvvələri “İŞİD”-in həmləsini dəf edərək, düşməni təhlükəsiz məsafəyə çəkilməyə məcbur edib.

 

Suriyanın Kobani şəhərində isə İŞİD-in hücumları davam edir. Birləşmiş Millətlər Təşkilatının baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak şəhərin mərkəzində 700-dək dinc sakinin mühasirədə qaldığı barədə açıqlama verib.

 

“Yüzlərlə Kobani sakini şəhərin mərkəzini tərk edə bilmir. Onların böyük əksəriyyəti qocalardır. Bundan başqa, Kobani yaxınlığında Suriya-Türkiyə sərhədində 10-12 min sakin cəmləşib. Onların əksəriyyəti  “İŞİD”-in hücumlarına məruz qalmaq təhlükəsi ilə üzləşir” - deyə Fərhan Hak bildirib.       

 

APA TV-nin xəbərinə görə, Kobanidəki atışmalar axşam saatlarında da davam edib. Şəhərə 3 tərəfdən ağır silahlarla hücum edilib. 2 terrorçu kamikadze bombalı avtomobillə partlayış törətməyə çalışıb. Avtomobillərdən biri partlasa da, digər terror aktının qarşısı alınıb.

 

İŞİD terrorçuları eyni zamanda İraqda da hücumlarını davam etdirir. Mosul su anbarını qoruyan peşmərgə qüvvələrinə hücum edən terrorçular böyük itki verilərək geri çəkilib. Döyüşdə İŞİD-in Tel Hey bölgəsinin əmiri "Əbu Kahtan" ləqəbli Abdulbari Hakavi və təşkilatın iki yüksək rütbəli hərbçisi öldürülüb.

 

Ötən gün ABŞ təyyarələri İraq və Suriyada İŞİD-in hədəflərinə 18 hücum həyata keçirib. Koalisiya qüvvələri isə Mosul su anbarı yaxınlığında terrorçuların mövqelərini 12 dəfə bombalayıb. Hücumlar nəticəsində İŞİD-in bir neçə hərbi maşını, xeyli sayda silah-sursatı məhv edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv