Azərbaycanda fermerlərin elektron qeydiyyatı aparılacaq

"Bu ilin sonuna kimi Azərbaycanda kəndli-fermerlər qeydiyyata alınacaq. Bundan başqa kənd təsərrüfatı istehsalının elektronlaşdırılması təmin ediləcək. Azərbaycan 2014-2020-ci illərdə Azərbaycanda aqro-biznesin inkişafı strategiyası çərçivəsində fermerlərin elektron qeydiyyatı aparılacaq".

 

APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyası Aqrar siyasət məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov Bakıda keçirilən BMT-nin Kənd Təsərrüfatının İnkişafı Fondunun - İFAD-ın iclasında bildirib: "Strategiya çərçivəsində aqrar tədqiqatlar aparılacaq, kənd təsərrüfatı istehsalının elektronlaşdırılması da təmin ediləcək".

 

Azərbaycan hökuməti Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu ilə (İFAD) əməkdaşlığı davam etdirəcək. Kənd təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə görə, Azərbaycanda iqtisadi inkişafın əsas hədəfi qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafıdır.

 

"Bu sahədə bilik və vərdişlərin inkişafı üçün İFAD ilə uzunmüddətli əməkdaşlıq həyata keçirilir. Bu təşkilat artıq 17 ildir, fəaliyyət göstərir. O, ərzaq təhlükəsizliyi, yoxsulluğun azaldılması, kənd təsərrüfatı infrastrukturunun yaradılması və ilə bağlı məsələlərin həllində mühüm rol oynayır. Son 15 il ərzində İFAD xətti ilə kənd təsərrüfatının inkişafına 15,8 milyard dollar yönəldilib ki, bu da milyonlarla vətəndaşın sosial vəziyyətini yaxşılaşdırmağa imkan verib və ümumilikdə, sektorun inkişafında böyük rol oynayıb. Fəaliyyət göstərdiyi dövr ərzində İFAD-ın investisiya portfeli təxminən 192 milyon dollar təşkil edib".

 

Qeyd edək ki, bu gün Bakıda İFAD-ın təşkilatçılığı ilə Azərbaycanda kənd təsərrüfatı sektorunun gələcək inkişafının layihələndirilməsi üzrə təhlil seminarı keçirilir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı