Allahşükür Paşazadə: "İŞİD üzvlərinin hərəkətləri İslama ziddir"
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İŞİD təşkilatının üzvlərini qeyri-müsəlman olduqlarını bəyan edib. APA TV-nin xəbərinə görə, təşkilatın üzvlərinin bütün hərəkətlərinin İslama zidd olduğunu deyən şeyx onların məqsədinin İslamı aşağılamaq olduğunu bildirib: "Suriyada , İraqda baş verənləri görürsünüz. “Allahu əkbər!” deyib insanın başını kəsirlər, parçalayırlar. Mən başa düşə bilmirəm. Onlar bütün dünyada İslamı biabr etmək istəyirlər. Bunlar Qərb dövlətlərinin Şərqdəki köməkçiləri ilə birlikdə yaratdıqları məsələlərdir".
Şeyx bildirib ki, Azərbaycanda qarşıdurma, iğtişaş yaratmaq istəyənlər var və onlar buna məscidlərdən başlamaq istəyirlər: "Biz o insanların qanunları pozmalarına şərait yaratmayacağıq. Həm dövlət başçısı, həm də biz qoymayacağıq. O insanlar ki, bəzi dedi-qodular, dini iğtişaşalar yarada bilərlər. Onların əlindən heç nə gəlməyəcək. Bir olsaq, bir-birimizə arxa, kömək olsaq, onlar heç nə edə bilməzlər".
QMİ sədri bildirib ki, məscidlərdə azanların və xütbələrin müxtəlif vaxtlarda verilməsi İslama münasibətə mənfi təsir edir.Bu məsələdə bəzən dindarların özünün də günahı çox olur: "Mən çox xahiş edirəm ki, sünnilərlə şiələr bu günü birlikdə qeyd etsinlər. Mən başa düşə bimirəm, ola bilərmi ki, İmam Hüseyn şiənin olsun, sünninin olmasın".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İslamın yayılmasını istəməyən qüvvələr müxtəlif vasitələrlə dinin əsl mahiyyətinin yayılmasına mane olurlar. Azərbaycan tarixində bu günədək şiələrlə sünnilər arasında qarşıdurma olmadığını deyən Komitə sədri bildirib ki, din xadimlərini radikallığıa qarşı çıxmağa çağırıb.