Almaniya xarici işlər naziri: "Azərbaycan bizim üçün vacib ölkədir"

"Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Parisdə keçiriləcək görüşünə ümidlə baxırıq".

APA TV-nin xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib. Onun sözlərinə görə, Avropa perspektivindən Dağlıq Qarabağ münaqişəsinə narahatlıqla yanaşılır: "Bu yaxınlarda da münaqişə sahəsində aktivlik bizi narahat etdi. Prezidentlərin görüşünün donmuş mövqelərin yumşalmasına, prosesin davamlı həllini tapmasına gətirəcəyinə ümid edirik. Münaqişənin həllində təkcə ATƏT-in Minsk Qrupunun deyil, Aİ-nin rolunu da artırmağa çalışırıq. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber təcrübəli alman diplomatdır və bu məsələdə Almaniyanın, Avropa İttifaqının rolunu görmək istəyirik".

 

Almaniyalı diplomat Azərbaycanın Almaniya üçün Şərq və Qərbin kəsişməsində yerləşən vacib ölkə olduğunu deyib. Onun sözlərinə görə, Avropa Azərbaycana enerji tələbatını ödəyəcək vacib ölkə kimi baxır.

 

Qonaq İŞİD-lə mübarizə məsələsinə də toxunaraq bildirib ki, Almaniya əvvəlcə yalnız humanitar yardımlar göndərməklə kifayətlənirdisə, indi terror təşkilatı ilə mübarizə üçün hərbi texnika göndərmək qərarına gəlib: "Hərbi əməliyyatlar getməyən ərazilərə isə araşdırma qrupu göndərilib. Bu qrupun tərkibində Xarici İşlər Nazirliyinin əməkdaşları da var.  Araşdırma qrupu Ərbildə federal qüvvələrin təlim proqramlarına ehtiyac olub olmadığını araşdırır. Siqnallar var ki, onlar iştirak edə bilərlər".

 

Onun sözlərinə görə, son qərar araşdırma qrupunun rəyi əsasında veriləcək.

 

Müəllif | Apa.Tv