Heydər Əsədov: "Qiymət artımını ixracla əlaqələndirmək düzgün deyil"
“Azərbaycanda heyvanlarda rast gəlinən modulyar dermatiti xəstəliyi nəzarətdədir. Öldürücü olmayan virus bir neçə aydır, Azərbaycanda var. Ölüm halları yalnız immuniteti zəif olan və ya digər xəstəlikləri olan heyvanlarda baş verir".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir Cəlilabadda 60 heyvanın tələf olması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib: "Məsələni araşdırarkən əslində 2 heyvanın öldüyünü aşkar etdik. Həmin heyvanlarda modulyar dematiti xəstəliyi deyil, daha çox zəhərlənmə ehtimalları olub. Baytarlıq qurumunun əksər heyəti rayonlardadır. Bununla bağlı kütləvi tədbirlər aparılır, kifayət qədər dərman ehtiyatlarımız var. Son bir həftə ərzində xəstəliyin dinamikasında azalma müşahidə edilir".
Nazir deyib ki, hazırda Bakının bir neçə yerində iri və xırda buynuzlu mal-qaranın kəsilməsi üçün bir neçə iri sallaqxana tikilir: "Müasir tələblərə cavab verən kəsim məntəqələrinin istifadəsi üzrə ilk təcrübə Qurban bayramı günlərində gerçəkləşdirilib. Biz Qurban bayramı günlərində səyyar kəsim nöqtələrindən istifadə etdik. Amma indi Bakının bir neçə yerində iri kəsim nöqtələrinin tikintisinə başlamışıq".
Heydər Əsədov kənd təsərrüfatı məhsullarının bahalaşmasını tamamilə ixracla əlaqələndirməyin düzgün olmadığını da deyib: "Qiymət artımı müxtəlifdir. Bəzi məhsullarda, eksport olunanlarda artım var. Bəzi məhsullar keçən il daha çox istehsal olunduğu üçün həmin məhsullar üzrə müəyyən artımlar var. Tendensiya müxtəlif məhsullar üzrə müxtəlifdir".
Nazir Azərbaycanda kənd təsərrüfatının dəstəklənməsi üçün verilən subsidiyalar yaxın illərdə artırıla biləcəyini də deyib.