Əli Əhmədov: "Dərmanlara vahid qiymətin tətbiqi ilə bağlı iş gedir"
"Azərbaycanda dərmanlara vahid qiymətinn tətbiqi məsələsi üzərində iş gedir".
APA TT-nin xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Onun fikrincə, dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə çalışmaq lazımdır: "Dünyanın əksər ölkələrində belədir və güman edirəm ki, Azərbaycan da bu yolla getməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb və işlər görülüb. Biz çalışmalıyıq ki, insanların ala bilməsi üçün dərman preparatlarının qiymətləri optimal olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycanda dərman preparatları istehsal olunmur və dərmanlar əsasən ölkəyə idxal olunur".
O deyib ki, burada həm sahibkarın, həm də alıcının marağı nəzərə alınmalıdır.
Nazir müavini Azərbaycanda icbari sığortanın tətbiqi ilə əlaqədar qanunvericilik bazasının olduğunu xatırladıb, bildirib ki, kifayət qədər maliyyə və əmək tutumlu işdir. Ayrı-ayrı ölkələrdə, xüsusilə keçmiş Sovetlər Birliyi ölkələrində bu sahədə bir sıra nöqsanlara yol verilib: "Bu da həmin ölkələrdə aparılan islahatların lazımi nəticəyə gətirib çıxarmasına imkan vermədi. Ona görə də çalışmalıyıq ki, tələsmədən, ancaq qarşımıza qoyduğumuz məqsədə qəti addımlarla gedərək, nöqsanlara yol vermədən insanların sağlamlığının qorunması üçün ən əlverişli sistemin yaranmasına nail ola bilək".
Bakıda “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda yüksək səviyyəli siyasət seminarı keçirilib. Əli Əhmədov çıxışında bildirib ki, hər bir insan üçün sağlamlığı əhəmiyyətli olduğu kimi, dövlət üçün də bu, böyük ictimai əhəmiyyət kəsb edir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko bildirib ki, dünyada pulsuz səhiyyə xidməti yoxdur.
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva isə bildirib ki, ötən 10 ildə Azərbaycanda ana ölümü 61, körpə ölümü 34 faiz azalıb. Ölkədə orta ömür uzunluğu isə 71,8 yaşdan 74,2 yaşa yüksəlib.