Göyçayda yaşayış evi yanıb
Göyçay rayonunda yaşayış evi yanıb. APA TV-nin xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb. Kənd sakini, 1951-ci il təvəllüdlü Bəsti Cəbrayılovaya məxsus ümumi sahəsi 80 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı 3 otaqlı ev və içəridəki məişət əşyaları tamamilə yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tövlə və yardımçı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin məlumata görə, evdə qaz balonunun partlaması səbəbindən yanğın hadisəsi baş verib.
Faktla bağlı araşdırma aparılır.