Səhiyyə Nazirliyi Həccdən qayıdanlara “Ebola” ilə bağlı müraciət edib
"Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan telekanallarda dərman prepatlarının reklamının yayımlanması qadağandır".
APA TV-nin xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, əvvəllər dərman preparatlarının reklamına icazə verilmirdi, “Reklam haqqında” qanuna düzəliş ediləndən sonra bu qadağa reseptsiz buraxılan dərman preparatları üçün aradan qalxıb: "İndi reklamların aşağı hissəsindəki titrdə “Dərmanların əks-təsiri də var” yazısı qeyd olunur. Söz yox ki, istənilən dərmanın mənfi təsiri də var və buna görə Səhiyyə Nazirliyi məcbur edir ki, reklam zamanı əks-təsirlər barədə məlumatlar titrlərdə getsin".
Elsəvər Ağayev bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu tərəfindən aparılan monitorinqlər nəticəsində dərmanların içlik vərəqlərində aşkarlanan səhvlərə də aydınlıq gətirib. İçlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının satışına qadağa qoyulduğunu deyən nazir müavini bildirib ki, Səhiyyə Nazirliyində qeydiyyatdan keçməyən dərman preparatlarının içlik vərəqələrində səhvlər olub.var idi. Amma nazirliyin təsdiq etdiyi içlik vərəqələri standart formaya gətirilib.
Elsevər Ağayev onu da deyib ki, “Ebola” virusu ilə bağlı Azərbaycan üçün ciddi təhlükə yoxdur. Ölkədə xəstəliyin aşkarlanması ilə bağlı heç bir məlumat daxil olmayıb: "Sadəcə olaraq, profilaktik tədbirlərin görülməsi üçün Həcc ziyarətindən dönənlərə müraciət olunur ki, bir daha müayinədən keçsinlər. Bundan əlavə, Azərbaycana gələn qonaqlar da müayinədən keçirilir ki, Azərbaycan bu problem ilə üzləşməsin".
Azərbaycanda ana və uşaq ölümünün ildən-ilə azaldığını deyən nazir müavini əksər hallarda analara vaxtında həkimə getməyin vacibliyi barədə müraciət olunduğunu xatırladıb. Hər bir ana və uşaq ölümü Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır və günahkarlar cəzalandırılır.