Bakıda mikroavtobus yük maşını ilə toqquşub, 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində, Qaradağ rayonu ərazisində qeydə alınıb. APA TV-nin məlumatına görə, “90 JB 642” dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə “10 LK 183” dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.
Ölənlərdən birinin 7-8 yaşlı qız, digərinin isə 30-35 yaşlı kişi olduğu bildirilir. İlkin məlumata görə, qəzada yaralanmış mikroavtobusun sürücüsünün vəziyyəti ağırdır.
DİN Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini Balakişi Əhmədovun sözlərinə görə, mikroavtobus Füzuli-Bakı istiqamətində hərəkət edirmiş. Qəzanın səbəbləri avtoekspertizanın rəyindən sonra bilinəcək.