Qəbələdə daha bir beynəlxalq yarış
Dünyanın güllə və stend olimpiya atıcılıq növləri üzrə tanınmış 280 idmançısı Qəbələyə toplaşıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələ Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinə start verilib.
Yarışların rəsmi açılış mərasimi Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində keçirilib. Tədbirdə “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Milli Olimpya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak edib. Tale Heydərov Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, idmançılara göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan danışıb.
Yarışlara oktyabrın 23-də start verilib. Qadın və kişilər pnevmatik tüfəngdən 10 və 25 metr məsafəyə atəş açmaq üzrə öz bacarığını nümayiş etdirib. Bu yarışda Çin, İtaliya, Rusiya, Hindistan, Serbiya, Rusiya, Polşa, Koreya, Meksika, Bolqarıstan və Sinqapurdan 12 qadın və 12 kişi idmançı iştirak edir. Həmçinin, bu gün kişi və qadınlar arasında tapançadan 25 metr məsafəyə atəş açmaq və səngər stend atıcılığı üzrə yarışlar keçirilir. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur. Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edir. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edir.Yarışlar oktyabrın 27-də başa çatacaq.