“Qarabağ” Kiyevdə "Dnepr"i məğlub etdi!
Avropa Liqasında qrup mərhələsinin III turunun oyunları keçirilib. APA TV-nin məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” da meydana çıxıb.
Ağdam klubu ilk dövrənin yekun oyununda səfərdə Ukrayna “Dnepr”i ilə qarşılaşıb. İlk iki oyunda 1 xal toplayan Qurban Qurbanovun yetirmələri Kiyevin “Olimpiya” stadionunda maksimum nəticə əldə edib. Belə ki, “Qarabağ” Dnepropetrovsk klubuna minimal hesabla qalib gəlib. Oyunda vurulan yeganə və tarixi qola 21-ci dəqiqədə Muarem Muarem imza atıb.
Qrupun digər qarşılaçmasında “İnter” öz meydanında “Sent-Etyen”in müqavimətini qıra bilməyib. Oyun 0:0 hesabı ilə başa çatıb. Bu nəticə "Qarabağ"ın 4 xalla qrup ikincisinə çevrilməsinə mane olmayıb.
"Dnepr"ə minimal hesabla qalib gələn “Qarabağ" tarixi ilklərə də imza atıb. Ağdam təmsilçisi Avropa kuboklarının qrup mərhələsində qələbə qazanan yeganə Azərbaycan klubu kimi tarixə düşüb.
Bundan başqa, Qurban Qurbanovun yetirmələri qrup mərhələsində səfərdə 3 xala sevinən birinci Azərbaycan komadası olub.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan ilk komandamız “Neftçi” olub. Lakin 2012-2013 mövsümündə “flaqman” yalnız heç-heçələrlə kifayətlənmişdi.