Neft meydançasındakı qəza nəticəsində dənizə düşən 3 nəfərin cəsədi tapılıb

“Azneft” İstehsalat Birliyi N. Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada baş vermiş uçqun və yanğın nəticəsində həlak olan 4 nəfərdən 3-ünün cəsədi tapılıb. APA TV xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Neft Şirkəti yayıb.

 

Məlumatda bildirilir ki, qəza nəticəsində itkin düşmüş 4 işçidən 3-ünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, oktyabrın 23-ü, saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib. Hadisə nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın hadisəsi baş verib. Dərhal FHN-nın müvafiq qurumları hadisə yerinə cəlb edilib və yanğın saat 12.45 radələrində söndürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv