Astarada mülki müdafiə təlimi keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi Astarada “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçiriib. APA TV-nin xəbərinə görə, təlimə Astara Rayon İcra Hakimiyyəti, rayon Fövqəladə Hallar Komissiyası, Mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri cəlb edilib.
Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov deyib ki, təlimin əsas məqsədi mülki müdafiə planının reallığının yoxlanılması, şəxsi heyətin bilik və bacarığının təkmilləşdirlnıəsindən ibarətdir.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqları yerinə yetirib. Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 228 nəfər şəxsi heyəti və 37 ədəd texnikası iştirak edib.