AİHM-in Azərbaycan üzrə baxdığı işlərdən sadəcə 85-də pozuntu aşkarlanıb
"Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu vaxtdan faktiki olaraq, ölkəmizlə bağlı işlərə baxırlar".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Onun sözlərinə görə, bu müddətdə Azərbaycanla bağlı baxılan 85 işdə İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyasının pozulması müəyyən edilib: "Elə ölkələr var ki, bir ildə 200-300 iş olur. 12 il ərzində 85 iş o qədər də çox deyil. Azərbaycan bu istiqamətdə çalışır, biz seminarlar, treninqlər keçiririk. Biz əlbəttə təhlil edirik ki, 85 iş nə ilə bağlıdır".
Ali Məhkəmənin sədri Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycanla bağlı hansı maddələrin pozulması ilə bağlı şikayətlərin olmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, müraciətlər əsasən, İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyasının altıncı maddəsinin pozulması ilə bağlıdır: "Məhkəməyə müraciət hüququ və məhkəmədə buraxılan nöqsanlarla bağlıdır. Məhkəmə sonuncu instansiya olduğundan bütün icra qurumlarının da baş verdiyi səhvlərin qarşısını məhkəmə almalıdır. Son nəticədə məhkəmə qərarında nöqsan tutulur".
Avropa İnsan Haqları Məhkəməsinə protokolun birinci maddəsində göstərilən mülkiyyət hüququ ilə bağlı şikayətlər də daxil olub.