AİHM-də “Çıraqov və başqaları Ermənistana qarşı” işinə dair qərar ilin sonunadək verilə bilər

"Avropa İnsan Haqları Məhkəməsində (AİHM) azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə məhkəmənin qərarını gözləyirik". Bunu APA TV-yə Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib. Onun sözlərinə görə, 2014-cü ilin yanvarında “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı məhkəmə iclası keçirilib və Azərbaycan tərəfi orada mövqeyini ifadə edib: "Biz gözləyirik. Ümid edirik ki, ilin sonuna qədər qərar qəbul olunacaq. Amma bildiyiniz kimi, bu məsələlərlə bağlı məhkəmələrin qərar qəbuletmə prosesi bir az ləngiyir. Bir ildən il yarıma kimi çəkə bilər".

 

Çingiz Əsgərov qərarın ləngiməsi məsələsinə də aydınlıq gətirərək bunun sıradan bir məsələ olmadığını bildirib: "Adətən, Böyük Palatada baxılan işlər üzrə qərarlar yarım ildən bir ilə kimi qəbul olunur. Amma Çıraqovların Ermənistana qarşı ərizələrinin mümkünlüyü ilə bağlı qərar 14 ay ərzində qəbul edilib. Avropa Məhkəməsindən bizə qeyri-rəsmi şəkildə izah edirlər ki, bu məsələ işin mürəkkəbliyi ilə bağlıdır".

 

Xatırladaq ki, iddiaçılar Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılovdur. Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi 1-ci İnsan Haqları Konvensiyasının mülkiyyətin toxunulmazlığı, şəxsi həyatın toxunulmazlığı, ədalətli mühakimə hüququ maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkili məruz qaldıqlarını bildiriblər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.

 

Müəllif | Apa.Tv